Bu ilin yanvar-sentyabr aylarında Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsinin dəyəri 1 milyard 109 milyon ABŞ dollarına bərabər olub.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.
Hesabat dövründə Azərbaycanın Gürcüstanın xarici ticarətindəki payı 5,4% təşkil edib. Bu göstərici ilə Azərbaycan qonşu ölkənin əsas ticarət tərəfdaşları arasında Türkiyə, Çin, Rusiya və ABŞ-dan sonra beçinci olub.
Gürcüstandan Azərbaycana 566,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 6,9% çoxdur. Azərbaycan Gürcüstanın ixracında 9,2% payla qonşu ölkənin əsas ixrac tərəfdaşları arasında Qırğızıstan və Çindən sonra üçüncü yerdə qərarlaşıb.
Gürcüstanın Azərbaycandan tədarük etdiyi məhsulların həcmi isə illik müqayisədə 22,9% artaraq 542,5 milyon ABŞ dollarına bərabər olub. Azərbaycan 3,8% payla Gürcüstanın idxal üzrə əsas tərəfdaşları sırasında Türkiyə, Çin, ABŞ, Rusiya və Almaniyadan sonra altıncı yeri tutub.
İlk doqquz ayda Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi dəyəri 20,5 milyard ABŞ dolları təşkil edib. Bunun 6,15 milyard ABŞ dolları ixracın, 14,38 milyard ABŞ dolları isə idxalın payına düşüb.
