Oktyabrın 20-də Qax rayonu Əmran Cabbaroğlu adına Zəyəm kənd tam orta ümumtəhsil məktəbində IX sinifdə təhsil alan 2 şagird arasında tənəffüs zamanı baş vermiş mübahisə nəticəsində məktəblilərdən biri digərinə xəsarət yetirib.
Bu barədə APA-ya Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib.
Qeyd olunub ki, hadisə ilə bağlı dərhal təcili tibbi yardım xidmətinə, hüquq-mühafizə orqanlarına və şagirdlərin valideynlərinə məlumat verilib: "Təcili yardım xidmətinin əməkdaşları tərəfindən xəsarət almış şagirdə məktəbdə ilkin tibbi yardım göstərilib, daha sonra o, müvafiq tibb müəssisəsinə yönləndirilib.
Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, müvafiq araşdırmalara başlanılıb. Şagirdin sağlamlıq vəziyyəti məktəb və regional təhsil idarəsi tərəfindən izlənilir".
TƏBİB-dən APA-ya verilən məluumata görə, bu gün saat 10:50 radələrində xəsarət alması səbəbilə 2012-ci il təvəllüdlü yeniyetmə Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona baş-beyin silkələnməsi diaqnozu təyin olunub.
Hazırda onun müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.
APA-nın əldə etdiyi məlumata görə, faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.
***
15.35
Qaxda məktəbdə yıxılan şagird xəsarət alıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün rayonun Zəyəm kəndində baş verib.
Kənd sakini 2012-ci il təvəllüdlü İ.Mustafazadə təhsil aldığı Zəyəm kənd tam orta məktəbində yıxılaraq xəsarət alıb.
9-cü sinif şagirdi olan İ. Mustafazadə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib. Ona ilkin tibbi yardım göstərildikdən sonra kompyuter tomoqrafiya müayinəsi olunmaq üçün Zaqataladakı özəl tibb müəssəsinə göndərilib.
Yeniyetməyə beyin silkələnməsi diaqnozu qoyulub, müalicəsi Qax RMX-da davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
