Azərbaycanla Kambocanın milli inkişaf məqsədləri arasında uyğunluq mövcuddur.
“APA-Economics” xəbər verir ki, bu barədə Kamboca Ticarət Palatasının prezidenti və ASEAN Biznes Məsləhət Şurasının Kamboca üzrə sədri Kith Meng Bakıda keçirilən Azərbaycan-Komboca biznes forumunda çıxışı zamanı bildirib.
O qeyd edib ki, iki ölkə coğrafi baxımdan bir-birindən minlərlə kilometr uzaqda yerləşsə də, hər ikisi dayanıqlı inkişaf, strateji iqtisadi artım və modernləşməyə xüsusi önəm verir:
“Kamboca və Azərbaycan coğrafi baxımdan bir-birindən minlərlə kilometr uzaqda yerləşsə də, milli məqsədlərimiz arasında dərin uyğunluq mövcuddur. Hər iki ölkə dayanıqlı inkişaf, strateji artım və modernləşməyə sarsılmaz səylə xarakterizə olunur.
Rəsmi diplomatik əlaqələrimiz 1994-cü ilin dekabrında qurulub və bununla da Xəzər regionu ilə Cənub-Şərqi Asiya arasında əlaqələrin təməli qoyulub”.
O qeyd edib ki, son onilliklər ərzində bu əlaqələr müntəzəm diplomatik təmaslar, Birləşmiş Millətlər Təşkilatı və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlarda birgə üzvlük, eləcə də yüksək səviyyəli qarşılıqlı səfərlər vasitəsilə möhkəmlənib:
“Bu baxımdan, keçmiş baş nazir Samdeç Teço Hun Senin 12 il əvvəl, 2014-cü ildə Bakıya etdiyi tarixi rəsmi səfər xüsusi əhəmiyyət daşıyır.
Suverenliyə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa dair ortaq inamımıza əsaslanan tarixi əlaqələrimiz müasir tərəfdaşlığımızın inkişafı üçün möhkəm təməl rolunu oynayır.
Son iki onillik ərzində sülh və sabitlik şəraitində Kamboca Asiyanın iqtisadiyyatı ən açıq və ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib”.
