
© APA | Türkiyə xarici işlər naziri Hakan Fidan
15 oktyabr 2026 14:46 (UTC +04:00)
Türkiyə AQEM-in Asiyada ən əhatəli təhlükəsizlik platforması kimi gücləndirilməsinə sadiqdir.
APA xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.
Türkiyəli nazir sammitə ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkür edib, AQEM-in 29-cu üzvünü salamlayıb və Sultan Hacıyevi təşkilatın yeni baş katibi təyin olunması münasibətilə təbrik edib.
Hakan Fidan bildirib ki, Asiyanın yüksəlişi ilə səciyyələnən dövrdə sülh və rifahın təmin olunması üçün daha güclü AQEM-ə ehtiyac var.
Nazir iqtisadi təhlükəsizliyin və bağlantıların gücləndirilməsi məqsədilə nəqliyyat əlaqələrinin genişləndirilməsinin və enerji dəhlizlərinin şaxələndirilməsinin vacibliyini vurğulayıb. O, bu istiqamətdə dörd prioriteti qeyd edib.
Birinci prioritetin Transxəzər Şərq–Qərb Orta Dəhlizi olduğunu bildirən Hakan Fidan deyib ki, bu marşrut “Bir kəmər, bir yol” təşəbbüsünün səmərəliliyini əhəmiyyətli dərəcədə artıra bilər. Onun sözlərinə görə, Orta Dəhliz Asiya ilə Avropa arasında ticarətin asanlaşdırılması ilə yanaşı, xalqlar arasında əlaqələrin inkişafına da töhfə verəcək.
Türkiyənin xarici işlər naziri ikinci prioritet kimi İnkişaf Yolu layihəsini göstərib. O qeyd edib ki, layihə İraq və Türkiyə vasitəsilə Körfəzi Avropa ilə birləşdirəcək, regionda və onun hüdudlarından kənarda sabitliyin və rifahın dəstəklənməsinə xidmət edəcək.
Hakan Fidan üçüncü prioritetin Asiyada müxtəlif regional əməkdaşlıq mexanizmləri arasında sinergiyanın artırılması olduğunu bildirib. O vurğulayıb ki, AQEM, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ASEAN və Şanxay Əməkdaşlıq Təşkilatı arasında koordinasiyanın gücləndirilməsi qitə üzrə bağlantıların inkişafına kömək edəcək.
Nazir dördüncü prioritetin rəqəmsal bağlantılar olduğunu qeyd edib. O, süni intellekt və digər yeni texnologiyaların imkanlarından səmərəli istifadə etmək üçün elm, texnologiya və innovasiya sahələrində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
