Almaniyada “Şimal axını” və “Şimal axını-2” qaz kəmərlərinin partladılması ilə bağlı ilk məhkəmə prosesi başlayır.
Almaniya mətbuatının məlumatına görə, 2022-ci ildə baş vermiş hadisə ilə bağlı Ukrayna vətəndaşı Sergey K. Hamburq Ali Torpaq Məhkəməsi qarşısına çıxarılacaq.
Məhkəmə yanvarın sonunadək 24 iclasın keçirilməsini planlaşdırıb. Fevral ayında da əlavə iclasların təşkili nəzərdə tutulur.
Bildirilib ki, məhkəmə təqsirləndirilən şəxsə qarşı ittihamları əsas mahiyyəti üzrə araşdırmağa kifayət qədər sübut olduğunu müəyyən edib.
Sergey K. müharibə cinayəti, mülki obyektlərə hücum, partlayış törətmək, tikililəri dağıtmaq və ictimai infrastrukturun fəaliyyətini pozmaqda şübhəli bilinir.
Almaniya Baş Prokurorluğunun versiyasına görə, Sergey K. və onunla birlikdə hərəkət edən şəxslər Ukraynanın dövlət strukturlarının tapşırığı ilə qaz kəmərlərinin partladılması planını hazırlayıblar.
İstintaq hesab edir ki, şübhəlilər saxta sənədlərlə Almaniya şirkətlərindən birindən yelkənli yaxta icarəyə götürərək partlayıcı maddələri qaz kəmərlərinin yerləşdiyi əraziyə daşıyıblar.
Sergey K. 2025-ci ilin avqustunda İtaliyada saxlanılıb və Almaniyaya ekstradisiya olunub. Daha bir Ukrayna vətəndaşının isə bu yaxınlarda Xorvatiyada saxlanıldığı bildirilir.
Xatırladaq ki, 2022-ci il sentyabrın 26-da Baltik dənizinin dibi ilə çəkilmiş “Şimal axını” və “Şimal axını-2” qaz kəmərlərinin üç xəttində güclü partlayışlar baş verib.
