Ukrayna Müdafiə Nazirliyi “Starlink” və “Starshield” peyk rabitə sistemlərinin saatda 400 kilometrdən artıq sürətlə hərəkət zamanı da sabit işlədiyini açıqlayıb.
“Ukraynskaya Pravda”nın məlumatına görə, oktyabrın 24-də Ukrayna Müdafiə Qüvvələri və Müdafiə Nazirliyinin mütəxəssisləri sistemlərin daha yüksək sürətlərdə fəaliyyətini sınaqdan keçiriblər.
İlkin mərhələdə rabitənin saatda 161 kilometrdən artıq sürətdə işlədiyi qeydə alınıb. Sonra Müdafiə Nazirliyi sistemlərin saatda 400 kilometrdən yüksək sürətdə də sabit bağlantı təmin etdiyini rəsmən təsdiqləyib.
Nazirlik sistemin daha yüksək sürətlərdə fəaliyyət imkanlarını yoxlamaq və rabitənin maksimal həddini müəyyənləşdirmək məqsədilə sınaqların davam etdirildiyini bildirib.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl cəbhənin müxtəlif istiqamətlərində “Starlink” və “Starshield” avadanlıqlarının saatda 130–161 kilometr sürətdə işləməsinin dayandığını bildirmişdi. Onun sözlərinə görə, bu vəziyyət logistik prosesləri ləngidir və Ukrayna dronlarının istifadəsini məhdudlaşdırır.
ABŞ Prezidenti Donald Tramp oktyabrın 16-da Ağ Evin Ukraynanın bu sistemlərdən istifadəsinin məhdudlaşdırılmasında rolunun olmadığını bəyan edib.
Bununla yanaşı, “The Telegraph” nəşri “SpaceX” şirkətinin baş icraçı direktoru İlon Maskın Trampa Ukrayna hərbçilərinin istifadə etdiyi “Starlink” və “Starshield” peyk şəbəkələrinin imkanlarının məhdudlaşdırılmasını təklif etdiyini yazıb.
