Bu gün Hindistan xarici işlər naziri ilə Cənubi Qafqazda regional vəziyyət, Ermənistan-Azərbaycan postmünaqişə normallaşması, Vaşinqtonda əldə edilmiş razılaşmalar barədə fikir mübadiləsi apardıq.
APA xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Hindistan xarici işlər naziri Subramanyam Cayşankarla keçirilən mətbuat konfransında deyib.
“Azərbaycandan Ermənistana göndərilən mallar, qarşılıqlı səfərlər müzakirə edildi. Bu prosesin başa çatdırılması üçün Ermənistandan olan gözləntilərimiz də həmkarımın diqqətinə çatdırıldı. Həmkarımı azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə məlumatlandırdım və təbii ki, davam edən mina təhlükəsi barədə də ona məlumat verdim”, - nazir qeyd edib.
Onun sözlərinə görə, daha geniş coğrafiyada baş verən hadisələr, o cümlədən Yaxın Şərq, Rusiya-Ukrayna müharibəsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
XİN rəhbəri əlavə edib ki, Hindistan XİN rəhbərinin bu səfərini yüksək qiymətləndirir: “Bu gün aparılan müzakirələr iki ölkə arasında münasibətlərin daha yüksək səviyyəyə çatdırılmasına xidmət edəcək”.
