Rusiya qüvvələrinin Ukraynanın Xarkov şəhərinin ətrafına və İvano-Frankivskə endirdiyi zərbələr nəticəsində 6 nəfər həyatını itirib, azı 9 nəfər yaralanıb. Yaralılar arasında uşaqlar da var.
UNIAN-ın məlumatına görə, oktyabrın 11-i axşam saatlarında Xarkov şəhərinin ətrafına raket zərbəsi endirilib. Raket ərzaq mağazasının binasına düşüb.
Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib ki, hücum nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb. Yaralılardan üçü uşaqdır.
Onun sözlərinə görə, zərbədən sonra hadisə yerində güclü yanğın baş verib. Daha sonra mağazanın konstruksiya elementlərini və avtomobilləri əhatə edən yanğının 300 kvadratmetr sahədə lokallaşdırıldığı açıqlanıb.
Hücum nəticəsində ərzaq mağazasının binasına, 5 avtomobilə, 2 çoxmənzilli yaşayış binasına və 1 fərdi evə ziyan dəyib.
Bundan başqa, Rusiya qüvvələri İvano-Frankivsk şəhərinə pilotsuz uçuş aparatları ilə zərbələr endirib.
İvano-Frankivsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Svetlana Onişşuk bildirib ki, hücum nəticəsində əvvəlcə 2 nəfərin öldüyü, daha 1 nəfərin yaralandığı qeydə alınıb.
Daha sonra yaralanan şəxsin də xəstəxanada həyatını itirdiyi açıqlanıb. Beləliklə, İvano-Frankivskdə ölənlərin sayı 3-ə çatıb.
Şəhər meri Ruslan Martsinkivin məlumatına görə, hücum nəticəsində mülki infrastruktura da ziyan dəyib.
