Gürcüstan hökumətinin nümayəndələri Avropa İttifaqının (Aİ) noyabrın 15-16-da Brüsseldə keçiriləcək “Daha geniş Avropa – daha güclü Avropa” forumunda təmsil olunmayacaqlar.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi saytında dərc olunan iştirakçıların siyahısından məlum olub.
Tədbirdə çıxışı təsdiqlənmiş şəxslərin siyahısında Aİ rəsmiləri ilə yanaşı namizəd ölkələr olan Moldova, Ukrayna, Albaniya, Çernoqoriya və Şimali Makedoniyanın liderləri də yer alıb.
Qeyri-rəsmi məlumatlara əsasən, Gürcüstan hakimiyyəti genişlənmə forumuna dəvət olumayıb.
Qeyd edək ki, Aİ-nin genişlənməsi perspektivlərinin nəzərdən keçiriləcəyi forumun təşkilatçısı birliyin genişlənmə məsələləri üzrə komissarı Marta Kosdur. O, bu yaxınlarda Gürcüstanın yalnız kağız üzərində Aİ-yə üzvlüyə namizəd ölkə olduğunu deyib.
