“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” məzunları üçün karyera sərgisi keçirilib.
APA xəbər verir ki, sərgi Elm və Təhsil Nazirliyinin nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə elm və təhsil nazirinin müavini Həsən Həsənli, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev və Dövlət Proqramı məzunları iştirak ediblər.
Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərində təhsil alaraq qayıdan məzunların ölkəmizdəki inkişaf proseslərinə verdikləri töhfələrdən danışıb. Nazir müavini proqram çərçivəsində əldə olunan nəticələrin əhəmiyyətini vurğulayaraq məzunların ölkəmizin gələcəyinin qurulmasında mühüm rolunu diqqətə çatdırıb.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev çıxışı zamanı Dövlət Proqramının yeni məzunlarının Azərbaycanın əmək bazarına mühüm töhfələr verəcəklərinə inamını ifadə edib. Gənclərin əmək bazarına çxışının dəstəklənməsi üçün ardıcıl işlərin aparıldığını, tədbirin gənclər üçün öz bilik və bacarıqlarını işəgötürənlərə nümayiş etdirmək, yeni iş imkanları ilə tanış olmaq üçün şərait yaratdığını vurğulayıb.
Karyera sərgisində 40-dan çox dövlət və özəl qurumun 150-dən çox vakansiyası təqdim olunub. Məzunlar işəgötürənlərlə birbaşa ünsiyyət qurmaq CV-lərini təqdim etmək və karyera imkanları ilə tanış olublar.
Elm və Təhsil Nazirliyi, eləcə də Dövlət Məşğulluq Agentliyinin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzi və Mərkəzi Karyera filialı da yarmarkada öz stendləri ilə təmsil olunub. Agentlik əməkdaşları tərəfindən işsiz və işaxtaran şəxslər üçün həyata keçirilən peşə kursları və müraciət qaydaları barədə məlumat verilib.
Qeyd edək ki, 2022-2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində bu günədək 738 nəfər məzun statusu qazanıb.
