Azərbaycan–Türkiyə birliyini qoruyub daha da möhkəmləndirməyin yolu bir-birimizin qərarlarına yanaşmaqdan keçir.
Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.

Tahir Mirkişili deyib ki, Yeni Azərbaycan Partiyasının açıqlaması vaxtında verilmiş, prinsipial və əsaslandırılmış siyasi mövqedir: “Türkiyədə bəzi siyasi şəxslərin və media platformalarının Azərbaycana qarşı apardığı kampaniyanı qətiyyətlə pisləyirəm. Qardaş ölkə haqqında əsassız ittihamlar səsləndirmək, onun daxili siyasətini təzyiq predmetinə çevirmək münasibətlərimizin ruhuna və doğmalığına uyğun deyil. Azərbaycan–Türkiyə qardaşlığı xalqlarımızın ortaq tarixinə, qarşılıqlı etimadına və çətin günlərdə bir-birinin yanında dayanmasına söykənir. Bu münasibətlər böyük mənəvi və siyasi sərvətimizdir. Heç bir siyasətçinin şəxsi ambisiyası, heç bir media qurumunun gündəmi həmin sərvətə zərər vurmağa haqq qazandıra bilməz. Xüsusilə dövlət vəzifəsi daşıyan şəxslər sözlərinin məsuliyyətini anlamalı, açıqlamalarının hər iki cəmiyyətdə doğuracağı nəticələri nəzərə almalıdırlar”.
Deputat qeyd edib ki, Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipi həm milli birliyimizi, həm də iki müstəqil dövlət olduğumuzu ifadə edir: “Qardaşlığın təməlində bərabərlik və qarşılıqlı hörmət dayanır. Azərbaycanın daxili və xarici siyasəti ilə bağlı qərarlar xalqımızın iradəsinə və dövlətimizin milli maraqlarına əsaslanır. Bu seçimə hörmət münasibətlərimizin dəyişməz şərtidir.
Dini həssaslıqlardan istifadə edərək Azərbaycan haqqında mənfi təsəvvür yaratmağa çalışmaq xüsusilə yolverilməzdir. İnanc insanların mənəvi dünyasının bir hissəsidir və siyasi müstəvidə təzyiq alətinə çevrilməməlidir. Məktəb və təhsil məsələlərinə yanaşmada da başlıca meyar uşaqların mənafeyi, onların bilik qazanması və bərabər imkanlarla böyüməsi olmalıdır. Bu mövzular ətrafında emosional qarşıdurma yaratmaq məsuliyyətli davranış sayıla bilməz”.
Tahir Mirkişili bildirib ki, Azərbaycanın beynəlxalq tərəfdaşlıqlarını seçmə faktlarla təqdim edərək ölkəmizi ittiham etmək də obyektivlikdən uzaqdır: “Hər hansı fikir ayrılığı varsa, onu müzakirə etməyin siyasi və diplomatik yolları mövcuddur. Təhqir, ittiham və ictimai təzyiq dili bir-birini anlamağa xidmət etmir. Əminəm ki, ayrı-ayrı şəxslərin bu davranışlarını bütövlükdə qardaş Türkiyə xalqının mövqeyi kimi qəbul etmək doğru olmaz. Məhz xalqlarımız arasındakı bağların dəyərini bildiyimiz üçün belə kampaniyalara etiraz edirik. Türkiyədəki bu qardaşlığa dəyər verən siyasi təmsilçilərdən və media qurumlarından da eyni həssaslığı gözləyirik. Azərbaycan–Türkiyə birliyini qoruyub daha da möhkəmləndirməyin yolu bir-birimizin dövlətçiliyinə, həyat tərzinə və müstəqil qərarlarına hörmət etməkdən keçir. Hər kəsin öz sözünü və davranışını məhz bu məsuliyyətə uyğun müəyyənləşdirməsi bu qardaşlığa zərər vurmağa çalışanların planlarını puça çıxarar”.
