“Azərbaycanda dünyəviləşmə və dünyəviləşmə uğrunda mübarizə hələ ötən əsrin əvvəllərində güclü şəkildə özünü göstərib. Azərbaycan müstəqillik əldə etdikdən sonra, XX əsrin sonunda yeni Konstitusiyamızın qəbul edilməsi ilə dünyəvi prinsiplər bir daha təsbit olunub”.
Bunu APA-ya açıqlamasında sosioloq, Fəlsəfə və Sosiologiya İnstitutunun dosenti Hüseyn İbrahimov bildirib.
“İctimai həyatın bütün sahələrində olduğu kimi, təhsil sahəsində də dünyəvi meyillər və dünyəviləşmə prosesi yeni şəkildə öz əksini tapıb. Ümumiyyətlə, bəşəriyyətin inkişafı hər zaman maariflənmə, yeniləşmə və dünyəviləşmə üzərində qurulub. Bu proseslər zaman keçdikcə daha geniş yayılıb. Təbii ki, dünyəviləşmə prosesi heç bir dövrdə qarşıya qoyulan məqsədlərə asanlıqla çatmayıb. Dövlətlər və cəmiyyətlər müxtəlif mübarizələr və çətinliklər hesabına müasirləşməyə, cəhalətdən uzaqlaşmağa çalışıblar”, – Hüseyn İbrahimov deyib.
O qeyd edib ki, Azərbaycan Yaxın Şərq regionunda, eləcə də təhsil və digər sosial sahələrdə dünyəviləşmənin önündə gedən ölkələrdən və cəmiyyətlərdən biri olub: “Bu gün cəmiyyətimizdə müzakirə olunan məsələlərdən biri də bəzi insanların dini dəyərlərlə təhsili sanki qarşı-qarşıya qoymağa çalışmasıdır. Əslində isə dünyəvilik prinsiplərinə görə, din dövlətdən ayrıdırsa, təhsil də dövlətin mühüm sosial institutlarından biri kimi dini təsirlərdən müstəqil olmalıdır. Təhsil sahəsində əsas meyarlardan biri dünyəvilik prinsipidir. Lakin dünyəvilik özündə bir çox amil və prinsipləri birləşdirir. Bunlara dünyəvi təhsil, dünyəvi biliklərin mənimsənilməsi və müasirləşmə kimi anlayışlar daxildir. Təhsil alanların vahid geyim formasında olması da vacib məsələlərdəndir. Məktəb şəxsiyyətin formalaşmasında mühüm rol oynayan sosial institutdur. Burada şagirdlər arasında fərqlərin minimuma endirilməsi, onların bərabər şəraitdə təhsil alması və bilikləri mənimsəmək üçün eyni imkanlara malik olması əhəmiyyətlidir”.
Alimin sözlərinə görə, bütövlükdə, məktəbli geyim formasının vahid və hamı üçün eyni olması, bütün şagirdləri birləşdirməsi vacibdir: “Bir çox hallarda elə olur ki, üçüncü, dördüncü və ya daha yuxarı siniflərdə oxuyan qızlardan biri hicab taxır, digərləri isə ümumi məktəbli formasında olurlar. Mən, təbii ki, şagirdlərin məktəbdən kənarda hicab taxmasının əleyhinə deyiləm. Ancaq məktəb mühitində bunun hansı nəticələr doğura biləcəyini öz müşahidələrim əsasında deyə bilərəm. Bir çox hallarda belə şagirdlərin məktəbdə digərləri ilə ünsiyyətində müəyyən fərqlər müşahidə olunur. Bununla belə, onların hansısa mənfi xüsusiyyətlərə malik olduğunu deməzdim. Söhbət ünsiyyət qurmaq, kollektivə uyğunlaşmaq, təşəbbüskarlıq göstərmək, yaradıcılıq və istedad kimi məsələlərdən gedir. Belə şagirdlər bəzən digər şagirdlərlə müqayisədə təhsil prosesində və kollektiv fəaliyyətlərdə bir qədər geri qala bilirlər. Məsələ ondadır ki, vahid məktəbli forması olduqda heç kimin geyimi xüsusi diqqət çəkmir. Eyni zamanda, digər şagirdlərin diqqəti də hər hansı bir şagirdin geyiminə yönəlmir. Geyimdə fərqliliklər ortaya çıxdıqda isə şagirdin istər müsəlman dini geyimində, istərsə də başqa dinə mənsub şəxslərə xas geyimdə məktəbə gəlməsindən asılı olmayaraq, diqqət həm onun geyiminə, həm də digər şagirdlərin ona münasibətinə yönələ bilər. Beləliklə, şagirddə psixoloji baxımdan digərlərindən fərqlənmək hissi və müəyyən çərçivələr formalaşa bilər. Doqquz yaşdan on yeddi yaşadək olan dövr şagirdin istedadının üzə çıxdığı, şəxsiyyətinin formalaşdığı mühüm mərhələdir. Bu dövrdə yaranan belə çərçivələr onun yaradıcılıq, ünsiyyət və kollektiv həmrəylik kimi keyfiyyətlərinin inkişafına müəyyən dərəcədə mane ola bilər. Məsələnin mahiyyəti də bundadır. Buna görə də məktəblərdə həm qızlar, həm də oğlanlar üçün vahid geyim formasının tətbiqi bu cür psixoloji maneələrin və fərqləndirici çərçivələrin erkən yaşlardan formalaşmasının qarşısını almağa kömək edə bilər”.
Hüseyn İbrahimov bildirib ki, belə seçimlərin müəyyən hallarda uşaqların özləri tərəfindən deyil, daha çox valideynlərin istəyi ilə edildiyini də nəzərə almaq lazımdı:
“Yəni uşaqlar bəzən bu cür qərarları müstəqil şəkildə vermirlər və onların geyim seçiminə valideynlərin mövqeyi təsir göstərir.
Tədqiqatlar və təhlillər də bu məsələyə diqqətlə yanaşmağın vacibliyini göstərir. Məncə, insanın belə qərarları yetkinlik yaşına çatdıqdan, öz seçimlərini müstəqil şəkildə dəyərləndirmək imkanına malik olduqdan sonra verməsi daha məqsədəuyğun olardı. Bu, onun özü üçün də daha əhəmiyyətli və şüurlu seçim olardı”.
