
© APA | Energetika naziri Pərviz Şahbazov
14 oktyabr 2026 10:43 (UTC +04:00)
Azərbaycanda energetika sektorunda rəqabət mühitinin inkişafı istiqamətində aparılan islahatlar çərçivəsində 6 yeni qanun qəbul edilib.
"APA-Economics" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən III Milli Rəqabət Forumunda çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, son illərdə energetika sektorunda geniş qanunvericilik və institusional islahatlar həyata keçirilib.
O qeyd edib ki, “Energetika haqqında” Qanun bazar münasibətlərini, azad rəqabəti və fəaliyyət növlərinin ayrılmasını dövlət siyasətinin əsas prinsipləri kimi müəyyən edib. “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında” və “İstilik təchizatı haqqında” qanunlar isə bu prinsipləri konkret sahələr üzrə inkişaf etdirərək investisiyalar və rəqabət üçün daha əlverişli şərait yaradır.
P.Şahbazov bildirib ki, xüsusilə elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və təchizatı fəaliyyətlərinin ayrılması, bazar münasibətlərinin tənzimlənməsi və özəl sektorun iştirakının genişləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Nazir vurğulayıb ki, xarici investorların iştirakı ilə ənənəvi enerji potensialının gücləndirilməsi ilə yanaşı, bərpa olunan enerji mənbələri də enerji sisteminə intensiv şəkildə inteqrasiya olunur, yeni istehsal gücləri yaradılır və özəl sektorun iştirakı genişləndirilir.
Onun sözlərinə görə, elektrik enerjisi və təbii qazın ötürülməsi və paylanmasının təbii inhisar xarakteri, təchizatın fasiləsizliyi və sistem təhlükəsizliyi effektiv dövlət tənzimlənməsini zəruri edir.
Bu baxımdan rəqabətin mümkün olduğu sahələrdə bərabər imkanların yaradılmasına, təbii inhisar fəaliyyətlərində isə şəffaflığın, səmərəliliyin və istehlakçı hüquqlarının qorunmasına üstünlük verilir.
