
© APA | Türkiyənin Azərbaycandakı səfirliyinin baş ticarət müşaviri Gülizar Yavaş
13 oktyabr 2026 10:50 (UTC +04:00)
Regionda baş verən geosiyasi hadisələr və təhlükəsizlik riskləri kapitalın daha təhlükəsiz investisiya bazarlarına yönəlməsinə səbəb olur. Bu baxımdan Azərbaycan xarici investorlar üçün cəlbedici istiqamətlərdən birinə çevrilə bilər.
“APA-Economics” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin baş ticarət müşaviri Gülizar Yavaş Bakıda keçirilən Türk dövlətlərinin fintex forumunda bildirib.
Onun sözlərinə görə, dünyada kapitalın hərəkətində ciddi dəyişikliklər müşahidə olunur və təhlükəsizlik risklərinin artdığı regionlardan vəsait axını baş verir.
“Azərbaycan və Türkiyəni əhatə edən regionda ciddi gərginlik var. Bu ərazilərdəki investorlar artıq özlərini təhlükəsiz hiss etmədikləri üçün vəsaitlərini başqa istiqamətlərə yönəldirlər. Həmin kapital investisiya üçün yeni bazarlar axtaracaq”, – Gülizar Yavaş bildirib.
O qeyd edib ki, Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirdiyi siyasət və investisiya imkanları baxımından bu prosesdən faydalana bilər.
Türkiyə rəsmisinin sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatı, bərpaolunan enerji və digər sahələrdə investisiya potensialı mövcuddur.
“Azərbaycan iqtisadi təhlükəsizliyini təmin etmək üçün demək olar ki, bütün sektorlarda şaxələndirmə aparır. Xarici investorların bir hissəsi bu bazara yönələcək. Çünki kapitalı investisiyaya çevirmək üçün təhlükəsiz məkanların sayı azalır”, – o vurğulayıb.
Gülizar Yavaş əlavə edib ki, xarici investisiyaların artması maliyyə texnologiyalarına və ödəniş sistemlərinə tələbatı da yüksəldəcək. Bu səbəbdən fintex şirkətləri yeni investorların ehtiyaclarını əvvəlcədən müəyyənləşdirməli və uyğun xidmətlər hazırlamalıdır.
