
© APA | Laosun sənaye və ticarət nazirinin müavini Manothong Vongsay
14 oktyabr 2026 11:00 (UTC +04:00)
Laos Xalq Demokratik Respublikasının dənizə birbaşa çıxışı olmayan ölkədən regionun bazarlarını birləşdirən və mal və insanların hərəkətini asanlaşdıran nəqliyyat-logistika mərkəzinə çevrilmək istiqamətində aydın strategiyası var.
“APA-Economics” xəbər verir ki, bu barədə Laosun sənaye və ticarət nazirinin müavini Manothong Vongsay Bakıda keçirilən Azərbaycan-Laos İnvestisiya və Biznes Forumunda öz çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu strategiya Çinin “Bir kəmər, bir yol” təşəbbüsü də daxil olmaqla, regional bağlantıların gücləndirilməsi məqsədləri ilə uzlaşır:
“Laos-Çin dəmir yolu bu strategiyanın həyata keçirilməsində mühüm nailiyyətdir. O, Laos və Çin arasında sərnişin və yük daşımalarında mühüm rol oynamaqla yanaşı, qonşu ölkələr və regional bazarlarla əlaqələri də gücləndirir. Eyni zamanda, Laos hökuməti ölkədaxili infrastrukturu və sərhədlərarası nəqliyyat əlaqələrini təkmilləşdirməyə davam edir. Bu baxımdan, hökumət Laosun paytaxtı Vyentyanı Vyetnamın Vunq Anq dəniz limanı ilə birləşdirəcək Laos–Vyetnam dəmir yolu layihəsinin həyata keçirilməsi barədə qərar qəbul edib. Vyentyan–Hanoy sürətli avtomobil yolu da iki ölkə arasında əlaqələri gücləndirəcək və Vunq Anq dəniz limanına çıxışı yaxşılaşdıracaq digər mühüm nəqliyyat layihəsidir. Bu şəraitdə hesab edirəm ki, Laos ASEAN (Cənub-Şərqi Asiya ölkələrinin bazarlarına) bazarına çıxış əldə etmək istəyən Azərbaycan şirkətləri üçün mühüm bir qapı rolunu oynaya bilər. Bakı limanını regional nəqliyyat şəbəkəsi və Laos-Çin dəmir yolu vasitəsilə Cənub-Şərqi Asiya bazarları ilə əlaqələndirməklə ticarətin asanlaşdırılması, logistikanın təkmilləşdirilməsi və iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün yeni imkanlar araşdıra bilərik”, - deyə o qeyd edib.
O vurğulayıb ki, bu əlaqələr yüksək kommersiya potensialına və əsaslandırılmış layihə strukturuna malik yeni investisiya layihələrinə sərmayə qoyuluşunu təşviq edə bilər. Əməkdaşlıq üçün perspektivli sahələrə mədən sənayesi, kənd təsərrüfatı, enerji, nəqliyyat və logistika daxildir.
