ABŞ prezidenti Donald Tramp yeni qanunda nəzərdə tutulan Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqini özünün və ya dövlət katibi Marko Rubionun növbəti göstərişinədək dayandırıb.
APA xəbər verir ki, bu barədə oktyabrın 16-da Ağ Evin saytında dərc olunan prezident fərmanında bildirilib.
Sənədə əsasən, nəzərdə tutulan istisnalar prezident və ya dövlət katibi maliyyə naziri və ABŞ-ın ticarət danışıqları üzrə nümayəndəsi ilə məsləhətləşdikdən sonra əlavə tədbirlərin görülməsinə ehtiyac olduğuna qərar verənədək qüvvədə qalacaq. Fərmanda bu istisnaların hansı müddətədək davam edəcəyi göstərilməyib.
Qeyd edək ki, Tramp sentyabrın 18-də Konqres tərəfindən qəbul edilmiş, Rusiyanın ali siyasi və hərbi rəhbərliyinə, eləcə də dövlət şirkətlərinə qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb.
Qanuna əsasən, Rusiyadan idxal olunan mallara 500 faizədək, Rusiya enerji resurslarının əsas alıcıları olan ölkələrdən gətirilən məhsullara isə 100 faizədək gömrük rüsumlarının tətbiqi nəzərdə tutulur.
Bununla belə, qanun ABŞ administrasiyasına bu tədbirlərin ölkənin maraqlarına uyğun olmadığı qənaətinə gəldiyi halda onları tətbiq etməmək imkanı verir.
Trampın imzaladığı fərmanla qanunun əsas müddəalarının hələlik qüvvəyə minməyəcəyi müəyyən edilib.
