Azərbaycanda süni intellekt, rəqəmsallaşma və yaşıl iqtisadiyyat sahələrində yeni dövlət standartlarının qəbul edilməsi planlaşdırılır.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini İlqar Həsənov Ümumdünya Standartlaşdırma Gününə həsr olunmuş media təlimində bildirib.
Onun sözlərinə görə, qarşıdakı dövrdə standartlaşdırma sahəsində fəaliyyət ölkənin iqtisadi prioritetləri nəzərə alınmaqla davam etdiriləcək.
"Bu çərçivədə rəqəmsallaşma, süni intellekt, yaşıl iqtisadiyyat, yaşıl enerji, ətraf mühitin qorunması, resurslardan səmərəli istifadə, o cümlədən enerji səmərəliliyi sahələrində standartların qəbul edilməsi və təşviqi planlaşdırılır", – deyə İlqar Həsənov vurğulayıb.
O əlavə edib ki, növbəti mərhələdə standartların sayının artırılması ilə yanaşı, onların iqtisadiyyatın ehtiyaclarına uyğunlaşdırılması, sahibkarlıq subyektləri üçün əlçatanlığının genişləndirilməsi və praktik tətbiqinin təşviqi də diqqət mərkəzində saxlanılacaq.
