"Ölkədə son dövrlər sosial media üzərindən yayılan hadisələr cəmiyyətdə gərginlik və narahatlıq yaradıb. Bu vəziyyətdə bəzi şəxslər bilərəkdən, digərləri isə bilməyərəkdən iştirak edirlər. Hətta məsələ şagirdlər arasında panikaya səbəb olub. Bunun qarşısını almaq üçün ciddi maarifləndirmə işlərinin aparılmasına ehtiyac var".
Bunu APA-ya açıqlamasında Fəlsəfə və Sosiologiya İnstitutunun Davamlı İnkişafın fəlsəfəsi və sosiologiyası şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Şölət Zeynalov deyib.
O bildirib ki, Azərbaycan dünyəvi dövlətdir və din dövlətdən ayrıdır. Bununla yanaşı, ölkəyə qarşı ideoloji təxribatların və müxtəlif mərkəzlərdən ideoloji təzyiqlərin mövcudluğu da nəzərə alınmalıdır: "Prezident İlham Əliyev də YAP-ın VIII qurultayında bu məsələyə ətraflı toxunub. Bu baxımdan ziyalıların, məktəblərin və aidiyyəti qurumların üzərinə ciddi məsuliyyət düşür".
Ş. Zeynalov qeyd edib ki, bu məsuliyyət yalnız dövlət qurumları və ziyalılarla məhdudlaşmır, məktəblərin, müəllimlərin və valideynlərin də üzərinə vəzifələr düşür.
Onun sözlərinə görə, cəmiyyətin birliyi əsas güc mənbəyidir və yaranmış vəziyyətdən kimlərinsə sui-istifadə etməsinə imkan verilməməlidir.
Dosent Nazirlər Kabinetinin qəbul etdiyi qərara hörmətlə yanaşılmasının vacibliyini vurğulayıb.
O bildirib ki, valideynlər, məktəb rəhbərliyi və aidiyyəti şəxslər arasında mütəmadi ünsiyyət qurulmalı, məsələlər dialoq yolu ilə həllini tapmalıdır.
Ş. Zeynalovun sözlərinə görə, məktəbli geyimi məsələsi yalnız hicab və baş örtüyü ilə məhdudlaşmır. Məktəblərdə şagirdlər üçün vahid geyim qaydalarının tətbiqi onların sosiallaşmasına, qarşılıqlı etimadın və ünsiyyətin güclənməsinə töhfə verir: "Vahid geyim şagirdlər arasında sosial fərqlərin ön plana çıxmasının qarşısını almağa və birlik hissinin formalaşmasına kömək edir. Bu isə gələcəkdə dövlətçilik düşüncəsinin möhkəmlənməsi baxımından əhəmiyyətlidir".
O əlavə edib ki, Nazirlər Kabinetinin qərarları ziyalılar və aidiyyəti qurumlar tərəfindən məktəblərdə düzgün izah olunmalı, bu istiqamətdə maarifləndirmə tədbirləri gücləndirilməlidir.
Dosent vurğulayıb ki, yaranmış vəziyyəti gərginləşdirməyə çalışan şəxslərin və mümkün təsir mərkəzlərinin fəaliyyəti araşdırılmalıdır: "Bununla belə, baş örtüyü məsələsinə etiraz edən hər kəsi hansısa dairələrlə əlaqələndirmək düzgün deyil".
Onun fikrincə, bu mövqedə olanlar arasında vəziyyəti bilərəkdən gərginləşdirməyə çalışanlarla yanaşı, öz dini inanclarına əsaslanaraq çıxış edənlər də var.
Ş. Zeynalov hesab edir ki, məktəblərdə geyim qaydalarına riayət olunması məsələsinə kompleks yanaşılmalı, dünya təcrübəsi nəzərə alınmalı və maarifləndirmə işi daha da dərinləşdirilməlidir. O, xüsusilə ziyalıların sosial mediada fəallığını artırmasının vacibliyini qeyd edib.
"İnsanların səmimi inanclarından, onların o hisslərindən istifadə edən bəzi qüvvələrin onları xurafata çəkərək, dövlətə, sekulyar dövlətçiliyə, cəmiyyətə qarşı qoymalarını hiss etmək mümkün olur.
Hər halda insanlar, valideynlər bilməlidirlər ki, dövlət zəkası, dövlət ağlı üstündür. Yəni, dövlət nəyin xurafat, nəyin inkişaf, nəyin cəmiyyətin gələcəyi olduğunu gözəl bilir. Ümumiyyətlə, dövlətin verdiyi qərarların kökündə ciddi əsaslar dayanır. Biz yenidən necə deyərlər, hansısa xaos dövrünə qayıda bilmərik. Qətiyyən buna imkan vermək olmaz.
Bu qaydaların tətbiqinə dini don geyindirilməsi qətiyyən yol verilməzdir. Əslində, bu məsələyə dini don geyindirilməsi həm də xurafata meyillənmənin əlamətləridir.
Onu da qeyd etməliyəm ki, Azərbaycanda dini sahəyə dövlət qayğısı həmişə yüksək şəkildə olub", - dosent əlavə edib.
