
© APA | Azərbaycan Fintex Assosiasiyasının (AzFina) İdarə Heyətinin sədri Edqar Abdullayev
13 oktyabr 2026 11:07 (UTC +04:00)
Türk dövlətləri arasında qarşılıqlı inteqrasiya olunmuş ödəniş infrastrukturlarının və ortaq fintex məkanının formalaşdırılması təklif edilir.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Fintex Assosiasiyasının (AzFina) İdarə Heyətinin sədri Edqar Abdullayev Bakıda keçirilən Türk dövlətlərinin fintex forumunda bildirib.
Onun sözlərinə görə, Türk dövlətləri arasında maliyyə texnologiyaları sahəsində əməkdaşlıq artıq məlumat və tənzimləmə təcrübəsinin mübadiləsindən praktiki inteqrasiya mərhələsinə keçməlidir.
“Ən azından Türk dövlətləri arasında ani ödəniş sistemləri üzrə ortaq ödəniş platformasının və ekosisteminin yaradılması üzərində işləməliyik. Bununla bir ölkədəki elektron pul hesabından, elektron pul kisəsindən və ya bank hesabından digər Türk dövlətlərində maneəsiz və rahat istifadə etmək mümkün olar”, – Edqar Abdullayev bildirib.
O qeyd edib ki, regional inteqrasiya üçün beş əsas istiqamət müəyyənləşdirilə bilər. Bunlara ani ödəniş və QR infrastrukturlarının qarşılıqlı işləməsi, ortaq texniki standartların tətbiqi, lisenziyaların qarşılıqlı tanınması və bazara girişin sadələşdirilməsi, çirkli pulların yuyulmasına qarşı mübarizə və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq, eləcə də birgə pilot layihələrin həyata keçirilməsi daxildir.
“Bu o demək deyil ki, sabah bütün Türk dövlətlərində vahid lisenziya tətbiq edilməlidir. Lakin bir ölkədə lisenziyalaşdırılmış elektron pul və ya ödəniş təşkilatının digər Türk dövlətinin bazarına daxil olması daha rahat və çevik ola bilər”, – assosiasiya sədri vurğulayıb.
Edqar Abdullayev əlavə edib ki, yeni modellərin eyni vaxtda beş ölkədə tətbiqi əvəzinə, ilkin olaraq iki və ya üç ölkədə pilot layihələrə başlanılması və uğurlu təcrübənin sonradan genişləndirilməsi məqsədəuyğundur.
“Bakıda yaradılan bir ödəniş həlli Türkiyə və ya Mərkəzi Asiya bazarlarına çıxarkən hər dəfə sıfırdan başlamamalıdır. Məqsədimiz əməkdaşlıqdan texniki inteqrasiyaya, oradan isə ortaq Türk fintex və ödəniş məkanına doğru irəliləməkdir”, – o bildirib.
