
© APA | Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov
14 oktyabr 2026 10:38 (UTC +04:00)
Azərbaycanda dövlət iştirakının yüksək olduğu və təbii inhisar xüsusiyyəti daşıyan sahələrdə rəqabət imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
"APA-Economics" xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Bakıda keçirilən III Milli Rəqabət Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, sağlam rəqabət bazarlarda resursların daha səmərəli bölüşdürülməsinə, müəssisələrdə məhsuldarlığın və məhsul keyfiyyətinin yüksəlməsinə, innovasiya və yeni investisiyaların təşviqinə şərait yaradır.
E.Bağırov qeyd edib ki, Azərbaycan Prezidentinin 11 sentyabr 2026-cı il tarixli sərəncamı ilə təsdiqlənmiş rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illər üzrə Milli Fəaliyyət Planının əsas məqsədi rəqabət mühitini yaxşılaşdırmaqla özəl investisiyaların artımını stimullaşdırmaq, dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi artıma nail olmaqdır.
Plan çərçivəsində ölkə və regionlar üzrə rəqabətin inkişaf səviyyəsini qiymətləndirən göstəricilər sisteminin və xüsusi rəqabət xəritəsinin hazırlanması nəzərdə tutulur. Bu, rəqabət siyasətinin ölçülə bilən nəticələrə və məlumatlara əsaslanan qərarvermə prosesinə bağlanmasına xidmət edəcək.
Agentlik sədri bildirib ki, əsas istiqamətlərdən biri dövlət müəssisələrinin fəaliyyətində rəqabətli neytrallığın gücləndirilməsi, xüsusilə dövlət iştirakının yüksək olduğu və təbii inhisar xüsusiyyəti daşıyan sahələrdə rəqabət imkanlarının genişləndirilməsidir.
Onun sözlərinə görə, enerji, nəqliyyat və digər bazar infrastrukturu xidmətlərini əhatə edən təbii inhisar sahələrində müəyyən fəaliyyətlərin inhisar şəraitində həyata keçirilməsi iqtisadi və texnoloji baxımdan zəruridir. Bununla yanaşı, həmin sahələrdə rəqabətin mümkün olduğu fəaliyyət istiqamətləri də müəyyən edilməlidir.
“Milli Fəaliyyət Planı bir tərəfdən dövlət müəssisələrinin fəaliyyətində rəqabətli neytrallığın qiymətləndirilməsini, digər tərəfdən isə rəqabətin mümkün olduğu fəaliyyətlərin müəyyən edilərək rəqabətli bazar modelinə mərhələli keçid imkanlarının araşdırılmasını nəzərdə tutur”, – deyə E.Bağırov vurğulayıb.
O əlavə edib ki, məqsəd dövlətin iqtisadi fəaliyyəti ilə bazarın ehtiyacları və iqtisadi inkişaf hədəfləri arasında tarazlıq yaratmaqdır.
Bununla yanaşı, lisenziya və icazə prosedurlarının, texniki şərtlərin, infrastruktura çıxış imkanlarının və digər tənzimləmə tələblərinin bazara daxilolma və iqtisadi fəaliyyət proseslərinə təsirinin qiymətləndirilməsi də vacib istiqamətlərdəndir.
