22 oktyabr 2026 10:29 (UTC +04:00)
Azərbaycanda dövlət maliyyəsinin idarə olunmasının rəqəmsallaşdırılması məqsədilə yaradılmış Rəqəmsal Dövlət Maliyyə İnformasiya Sisteminin tətbiqinə başlanılıb.
“APA-Economics” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Bakıda keçirilən “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” adlı konfransda bildirib.
Nazirin sözlərinə görə, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılan sistemin cari il ərzində bir sıra komponent və altkomponentlərinin tətbiqinə başlanılıb.
Sahil Babayev qeyd edib ki, əsas məqsəd dövlət maliyyə xidmətlərinin ayrı-ayrılıqda elektronlaşdırılması deyil, onların vahid elektron portal və rəqəmsal ekosistem çərçivəsində birləşdirilməsidir.
“Vahid Rəqəmsal Dövlət Maliyyə İnformasiya Sistemi məlumatlara əsaslanan qərarların qəbuluna, proqnozlaşdırma və təhlillərin aparılmasına imkan yaradır. Müxtəlif alt sistemlərin inteqrasiyası və məlumatların əlaqələndirilməsi dövlət maliyyə siyasətinin həyata keçirilməsi üçün geniş imkanlar açır”, – deyə nazir vurğulayıb.
O əlavə edib ki, sistemin tətbiqi istiqamətində artıq bir sıra sahələr üzrə mühüm nəticələr əldə olunub.
