ABŞ Prezidenti Donald Tramp ölkəsi ilə Kanada arasında ticarət sazişinin əldə olunacağına əminliyini ifadə edib.
APA xəbər verir ki, Amerika lideri bu barədə Kentukki ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
“Mən kanadalıları sevirəm, amma onların siyasətçiləri dəhşətlidir. Biz hər il 90 milyard dollar itiririk, mən isə pul itirməyi sevmirəm. Buna görə də gec-tez razılaşma əldə edəcəyik və bu, əla olacaq”, – Tramp bildirib.
ABŞ Prezidenti Kanadanın keçmiş Baş naziri Castin Trüdonu uğursuz siyasətçi adlandırıb, hazırkı hökumət başçısı Mark Karnini isə yaxşı insan kimi xarakterizə edib.
Bununla belə, Tramp Karni hökumətinin ticarət siyasətini tənqid edib.
Onun iddiasına görə, Kanada xarici ticarətinin 95 faizini ABŞ ilə həyata keçirir, Vaşinqtonun Kanada ilə ticarətinin payı isə xeyli azdır.
Tramp ABŞ-nin hər il Kanada ilə iqtisadi münasibətlərdə 90 milyard dollar itirdiyini iddia edərək Ottavanın Amerika vəsaitlərindən səmərəsiz istifadə etdiyini bildirib.
