Xankəndi şəhərində “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forum keçirilib.
APA-nın Qarabağ bürosu xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin təşkilatçılığı ilə keçirilən forumda müxtəlif ölkələrdən hökumət rəsmiləri, yerli və beynəlxalq ekspertlər iştirak ediblər.
Forumun məqsədi sosial xidmətlərdə süni intellekt və rəqəmsal analitikanın tətbiqi perspektivlərini qiymətləndirmək, dövlət-vətəndaş münasibətlərinin daha əlçatan, çevik və şəffaf qurulması üçün innovativ həlləri müəyyənləşdirmək, ağıllı idarəetmə modelləri sahəsində qabaqcıl təcrübələri mübadilə etmək olub.
Tədbirin açılışında əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev çıxış edərək bildirib ki, 2018-ci ildən Azərbaycanda beş sosial islahat paketi icra olunub və bu paketlər üçün illik əlavə maliyyə vəsaiti 8 milyard manat təşkil edir. Onun sözlərinə görə, sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır.
Anar Əliyev sosial xidmətlərin elektronlaşdırılması istiqamətində görülən işlərə də toxunub. Bildirilib ki, DOST mərkəzlərində göstərilən xidmətlərin 90 faizdən çoxu elektronlaşdırılıb. Nazir forumun Xankəndidə keçirilməsinin simvolik əhəmiyyət daşıdığını, azad edilmiş ərazilərdə qurulan yeni həyatın və ağıllı şəhər konsepsiyasının təqdimatına imkan yaratdığını vurğulayıb.
Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Işıkhan çıxışında dövlət xidmətlərinin rəqəmsal transformasiyasının əhəmiyyətini qeyd edib. O bildirib ki, 2025-ci ilin sonuna olan məlumata görə, Türkiyənin “e-Dövlət Qapısı” portalının istifadəçilərinin sayı 68 milyonu ötüb. Hazırda portal vasitəsilə 9 mindən çox xidmət təqdim olunur.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət” modelinin dövlət xidmətlərinin göstərilməsində innovativ idarəetmənin uğurlu nümunəsi olduğunu bildirib. Onun sözlərinə görə, bu model inzibati prosedurların sadələşdirilməsinə, xidmət proseslərinin optimallaşdırılmasına və dövlət-vətəndaş münasibətlərində etimadın gücləndirilməsinə töhfə verir.
Beynəlxalq Sosial Təminat Assosiasiyasının baş katibi Marselo Abi-Ramiya Kaytano video-müraciətində süni intellektin, məlumatlara əsaslanan həllərin və rəqəmsal dövlət xidmətlərinin sosial təminatı daha əlçatan, operativ və inklüziv etmək üçün geniş imkanlar yaratdığını vurğulayıb. Avropa Sosial Şəbəkəsinin sədri Kristyan Fille də video müraciətində rəqəmsal analitika və süni intellektin sosial xidmətlər sahəsindəki üstünlüklərindən danışıb.
Özbəkistan Milli Sosial Müdafiə Agentliyinin direktor müavini Sirojiddin Abdullayev isə jurnalistlərə müsahibəsində ölkəsində sosial xidmətlərin 80 faizə qədərinin rəqəmsal formada göstərildiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan və Özbəkistanın sosial xidmət sahələri arasında 20-yə yaxın əməkdaşlıq həyata keçirilib. Azərbaycanın DOST mərkəzləri nümunəsində Özbəkistanda da İNSON mərkəzləri yaradılıb. O, DOST Agentliyi ilə əməkdaşlıq çərçivəsində xidmətlərin rəqəmsallaşdırılması və süni intellektin tətbiqi istiqamətində işlərin davam etdirildiyini qeyd edib.
Forum çərçivəsində DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədovun moderatorluğu ilə “İnnovasiya sürət istəyir, dövlət isə qayda – balans necə qurulmalıdır?” mövzusunda panel sessiyası keçirilib. Sessiyada Moldova, Yunanıstan, Azərbaycan və Lüksemburq nümayəndələri dövlət idarəçiliyində innovasiyaların tətbiqi və rəqəmsal həllərin imkanları barədə fikirlərini bölüşüblər. Tədbir TEDx formatında debatlar, tematik işçi qruplarının müzakirələri və xüsusi təqdimatlarla davam edib.
Forumun yekununda SOCGOV təşəbbüsünün sosial idarəetmənin gələcəyinə dair beynəlxalq dialoq, təcrübə mübadiləsi və tərəfdaşlıq üçün institusional və davamlı platforma kimi inkişaf etdirilməsini dəstəkləyən Bəyannamə qəbul olunub. Sənəddə sosial siyasətin formalaşdırılması və icrasında etibarlı məlumatlardan, müasir analitik vasitələrdən və faktlara əsaslanan qərar qəbuletmə mexanizmlərindən istifadənin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Forum çərçivəsində, həmçinin ASAN xidmət və Qarabağ Universitetinin birgə tədbiri keçirilib. Türkiyə və Özbəkistan nümayəndə heyətləri Xankəndi şəhərində Zəfər Parkını və Qarabağ Universitetini ziyarət ediblər.