Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Bakı Reabilitasiya Mərkəzinə mediatur təşkil edilib.
APA xəbər verir ki, media nümayəndələri Mərkəzdə yaradılan şəraitlə, göstərilən xidmətlərlə və burada tətbiq olunan fizioterapevtik prosedurlarla yaxından tanış olublar.
Mediatur zamanı Bakı Reabilitasiya Mərkəzinin direktoru Vüsalə Kazımova bildirib ki, mərkəz əlilliyi olan şəxslər və onların ailə üzvlərinə xidmət göstərir: “Burada sakinlər stasionar, ambulator, icma əsaslı, səyyar xidmətlərə, eləcə də hippoterapiya və sosial-psixoloji dəstək tədbirlərinə cəlb edilirlər. Mərkəzimiz 60 çarpayılıqdır və burada il ərzində 1 500 nəfərə stasionar, 800 nəfərə isə ambulator qaydada xidmət göstərilir. Stasionar qaydada reabilitasiya kursu keçmələri üçün əlilliyi olan şəxslər qeydiyyatda olduqları ərazi üzrə Tibbi-sosial ekspert komissiyaları və ya DOST Mərkəzlərinə, ambulator və digər qaydada reabilitasiya xidmətlərindən yararlanmaq üçün isə birbaşa reabilitasiya müəssisələrinə müraciət edə bilərlər. Hazırda Mərkəzdə 200-ə yaxın şəxsə müxtəlif xidmətlər göstərilir”.
Sosial Xidmətlər Agentliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdür müavini Sərvər Abdullayev bildirib ki, Sosial Xidmətlər Agentliyinin ümumilikdə ölkə üzrə 40-a yaxın sosial xidmət və reabilitasiya mərkəzi var: “Bu mərkəzlərdə demək olar, bütün yaş kateqoriyalarından olan vətəndaşlarımıza müxtəlif xidmətlər göstəririk. Bu ilin doqquz ayında Agentliyin reabilitasiya mərkəzləri vasitəsilə əlilliyi olan 115 minə yaxın şəxsə müxtəlif reabilitasiya xidmətləri göstərilib. Mərkəzlərimiz vasitəsilə əlilliyi olan uşaqlara da xidmətlər göstərilir ki, bu xidmətlərin xüsusi əhəmiyyəti var. Yanvar-sentyabr ayları ərzində 37 mindən çox əlilliyi olan uşağa xidmət göstərmişik. Bundan əlavə, Agentlik tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində 11 min şəxsə 490 min reabilitasiya vasitəsi təqdim edilib. Bu proses mütəmadi və davamlı xarakter daşıyır. Son iki ayda Agentlik tərəfindən 120-dən çox şəxs, eyni zamanda, postmüharibə dövründə 450-yə yaxın şəxs Agentliyin reabilitasiya mərkəzlərində tam reabilitasiya olunub və əlilliklərini artıq geridə qoyaraq tam həyata reinteqrasiya olunublar”.
