“Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq qarşılqılı etimad, möhkəm dostluq münasibətlərinə və ortaq maraqlara əsaslanır”.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Tbilisidə keçirilən “Gürcüstan-Azərbaycan: Strateji tərəfdaşlıq və ortaq gələcək” mövzusunda dəyirmi masada çıxışında deyib.
Onun sözlərinə görə, ölkələr arasında münasibətlər dərin tarixi köklərə malikdir və təməlini tarixən mövcud olan mehriban qonşuluq münasibətləri təşkil edir.
“Azərbaycanla Gürcüstan arasında möhkəm siyasi dialoq formalaşıb, müxtəlif sahələri əhatə edən 130-dan artıq sənəd imzalanıb. Müxtəlif səviyyələrdə həyata keçirilən intensiv səfərlər və təmaslar ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə və siyasi dialoqun güclənməsinə töhfə verir”, - deyə səfir əlavə edib.
Faiq Quliyev qeyd edib ki, bu ilin noyabrında Azərbaycanın Gürcüstandakı səfirliyinin açılmasının 30-cu ildönümü, ölkələr arasında diplmatik əlaqələrin qurulmasının isə 34-cü ildönümü tamam olacaq.
Qeyd edək ki, dəyirmi masanı Azərbaycanın Gürcüstandakı səfirliyi təşkil edib. Gürcüstanın aparıcı siyasi ekspertlərinin və ictimai xadimlərinin qatıldığı müzakirələrdə Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri, həmçinin iki ölkə arasında iqtisadi əlaqələr, eləcə də Cənubi Qafqazda əməkdaşlıq məsələləri nəzərdən keçirilir.
