19 oktyabr 2026 17:55 (UTC +04:00)
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant İsa Səif bin Ablan əl-Məzruini qəbul edib.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, iki ölkə arasında hərbi əməkdaşlığın mövcud vəziyyətini müsbət qiymətləndirən general-polkovnik Z.Həsənov bu əlaqələrin bundan sonra da genişləndirilməsinin vacibliyini vurğulayıb. “Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimindən danışan nazir bu cür təlimlərin Azərbaycan ilə BƏƏ arasında hərbi əlaqələrin genişlənməsinə və ordularımızın inkişafına töhfə verəcəyini qeyd edib.
General-leytenant İsa Səif bin Ablan əl-Məzrui qarşılıqlı təcrübə mübadiləsinin aparılmasında birgə təlimlərin və ikitərəfli səfərlərin əhəmiyyətini vurğulayıb.
Sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev BƏƏ-dən olan həmkarı ilə görüşüb.
Baş Qərargahda keçirilən görüşdə general-polkovnik K.Vəliyev ölkəmizdə keçirilən “Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimində iştirak edən hərbi qulluqçuların fəaliyyətini yüksək qiymətləndirib.
General-leytenant İsa Səif bin Ablan əl-Məzrui Azərbaycan ilə BƏƏ arasında əlaqələrin daha da gücləndirilməsi üçün bütün imkanların mövcud olduğunu vurğulayıb.
Tərəflər ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.
Görüşlərdən sonra Hərbi Hava Qüvvələrinin Birləşmiş Hava Əməliyyat Mərkəzində olan nümayəndə heyətinə burada görülən işlər barədə ətraflı məlumat verilib.
