© APA | Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp
20 oktyabr 2026 19:39 (UTC +04:00)
Rusiya rəhbərliyi ABŞ Prezidenti Donald Tramp administrasiyasının Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı sərt mövqeyini və Vaşinqtonun son addımlarını Moskva üçün mühüm siyasi uğur hesab edir.
Bu barədə “The Washington Post” qəzeti yazıb.
Nəşrin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putinlə Tramp arasında son telefon danışığından ötən 10 gün ərzində ABŞ administrasiyası Rusiya dizel yanacağının qlobal bazara tədarükünə sanksiya güzəşti tətbiq edib, Ukraynanın döyüş meydanında istifadə etdiyi mühüm peyk sistemlərinə çıxışını məhdudlaşdırıb, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini təxirə salıb və Kiyevə həyati əhəmiyyətli raket əleyhinə müdafiə vasitələrinin tədarükünü ləngidib.
Donald Tramp bazar ertəsi Zelenskiyə qarşı növbəti tənqidi açıqlama ilə çıxış edərək bildirib ki, Ukrayna adından danışıqlar aparmaq üçün artıq başqa birinin vaxtıdır.
Qəzetin yazdığına görə, Kremlin rəsmiləri bu addımları Ukrayna üzərində qələbənin və Vaşinqtonla Moskva arasında münasibətlərin yaxınlaşmasının əlaməti kimi qiymətləndirirlər. Avropadakı siyasi gərginlik və Qərbin Ukraynaya dəstəyinin zəifləməsi ehtimalı da Moskvanın gözləntilərini artırır.
Zelenski isə ABŞ-ın Rusiyanın mövqeyini dəstəkləməsinin Ukrayna üçün ağır nəticələrə səbəb ola biləcəyini vurğulayıb. O, "NBC" telekanalına müsahibəsində Vaşinqtonun Moskva ilə eyni mövqedə dayanmasının Ukraynanın müharibədə müqavimət imkanlarını ciddi şəkildə zəiflədəcəyini deyib.
"The Washington Post" qeyd edir ki, Avropa liderləri və Ukrayna rəhbərliyi Oslo görüşü vasitəsilə Tramp administrasiyasını Rusiyaya qarşı daha sərt mövqeyə qaytarmağa çalışa bilər.