Bakıda İqtisadiyyat Nazirliyinin və Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) təşkilatçılığı ilə Azərbaycan–Laos investisiya və biznes forumu keçirilib. Tədbirin təşkilində məqsəd Azərbaycan və Laos arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi, qarşılıqlı investisiyaların təşviqi və biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsidir.
Forumda Azərbaycan və Laosun rəsmi şəxsləri ilə yanaşı, turizm, tikinti, konsaltinq, logistika, maliyyə, sənaye mühəndisliyi və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Anar Axundov iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsinin, qarşılıqlı investisiyaların təşviqinin və biznes dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, biznes forum iş adamları arasında əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və yeni tərəfdaşlıqların qurulması üçün əhəmiyyətli platformadır.
Laosun sənaye və ticarət nazirinin müavini Manothong Vongsay çıxışında ölkəsinin Azərbaycanla ticarət və investisiya sahələrində əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edib. Bildirilib ki, bu baxımdan sahibkarlar arasında əlaqələrin genişləndirilməsi, qarşılıqlı iqtisadi imkanların öyrənilməsi və birgə təşəbbüslərin təşviqi əhəmiyyətlidir.
Laos Milli Ticarət və Sənaye Palatasının icraçı vitse-prezidenti Thanongsinh Kanlagna iki ölkənin işgüzar dairələri arasında əlaqələrin möhkəmləndirilməsinin və bu məqsədlə təşkil olunan belə tədbirlərin yeni əməkdaşlıq imkanları yaradacağını vurğulayıb.
Forum çərçivəsində Azərbaycanın və Laosun investisiya mühitinə, iqtisadiyyatın prioritet sahələrinə və sahibkarlar üçün mövcud imkanlara dair təqdimatlar keçirilib. Həmçinin iş adamları arasında B2B formatında görüşlər təşkil olunub.
Laos nümayəndə heyəti həmçinin “Bakı KOB evi”ndə sahibkarlara göstərilən G2B və B2B xidmətlərlə tanış olublar.
***
09.57
Bu gün Bakıda Azərbaycan-Laos investisiya və biznes forumu öz işinə başlayıb.
“APA-Economics” xəbər verir ki, forumda Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Thanongsinh Kanlagna, Laosun sənaye və ticarət nazirinin müavini Manothong Vongsay, iqtisadiyyat nazirinin müavini Anar Axundov və digər rəsmi şəxslərin iştirakı gözlənilir.
