Qabon sahillərində neft-qaz qazma platformasının batması nəticəsində bir nəfər ölüb, dörd nəfər itkin düşüb.
APA “Reuters”ə istinadən xəbər verir ki, hadisə Mayumba şəhəri yaxınlığında baş verib.
“Borr Drilling” şirkətinə məxsus “Prospector 5” qazma platformasında hadisə zamanı 115 nəfər olub. Onlardan 110 nəfərin təhlükəsizliyi təmin edilib.
Əvvəlcə beş nəfərin itkin düşdüyü bildirilsə də, sonradan onlardan birinin meyiti tapılıb. Ölən şəxsin Hindistan vətəndaşı olduğu açıqlanıb. İtkin düşənlərdən üçü Qabon vətəndaşıdır.
İlkin məlumata görə, platforma qazma işlərinə hazırlıq zamanı dayanıqlığını itirərək batıb.
Qabonun Neft və Qaz Nazirliyi hadisə ilə əlaqədar böhran qərargahı yaradıb. Hərbi Dəniz Qüvvələri axtarış-xilasetmə əməliyyatlarına cəlb olunub.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün texniki araşdırmaya başlanılıb.
Rəsmilər dənizə zərərli maddələrin sızmasının qeydə alınmadığını bildiriblər.