Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) nümayəndə heyəti Özbəkistan Respublikasının Buxara şəhərində keçirilən “Əmanətlərin sığortalanması sistemlərinin institusional gücləndirilməsi: risklərin qiymətləndirilməsi, bankların öhdəliklərini icra edə bilməməsi hallarında preventiv hazırlıq və ictimai etimadın təmin olunması” mövzusunda beynəlxalq elmi-praktiki konfransda iştirak edib.
"APA-Economics" xəbər verir ki, Özbəkistan Əmanətlərə Zəmanət Agentliyinin təşkilatçılığı ilə baş tutan tədbirin konseptual məqsədi əmanətlərin sığortalanması institutlarının funksional dayanıqlığının artırılması, maliyyə risklərinin qiymətləndirilməsi və idarə olunması mexanizmlərinin optimallaşdırılması, kompensasiya ödənişlərinin operativliyinin təmin olunması, habelə əmanətçilərin hüquq və qanuni mənafelərinin müdafiəsi sahəsində qabaqcıl beynəlxalq standartların və praktikanın implementasiyası imkanlarının təhlilindən ibarət olub.
Tədbirdə Fondun icraçı direktorunun müavini Akşın Cahangirov, Hüquq departamentinin direktoru Azər Əmirov və Maliyyə departamentinin direktor müavini Aygün Balıyeva ƏSF-ni təmsil edib.
Konfransın açılış mərasimində çıxış edən Akşın Cahangirov Azərbaycanda əmanətlərin sığortalanması sisteminin təşəkkülü, normativ-hüquqi bazası və inkişaf dinamikası, Fondun qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərinin icrası istiqamətində həyata keçirilən tədbirlər, əmanətçilərin hüquqlarının qorunması və institusional fəaliyyətin təkmilləşdirilməsi üzrə strateji prioritetlər barədə məruzə təqdim edib.
Tədbir çərçivəsində Əmanətlərin Sığortalanması Fondu ilə Əmanətlərə Zəmanət Agentliyi arasında ikitərəfli əməkdaşlığa dair memorandum imzalanıb.
Anlaşma sənədi əmanətlərin sığortalanması sahəsində institusional münasibətlərin inkişafı, konfidensiallıq rejiminə riayət olunmaqla məlumat və qabaqcıl təcrübə mübadiləsinin genişləndirilməsi, kompensasiya mexanizmlərinin təkmilləşdirilməsi, rəqəmsal maliyyə texnologiyalarının tətbiqi və birgə praktiki təşəbbüslərin reallaşdırılmasının hüquqi-təşkilati əsaslarını müəyyən edir.
Tədbirin proqramına uyğun olaraq keçirilən tematik sessiyalarda risk əsaslı sığorta mexanizmlərinin tətbiqi, sığorta ehtiyatlarının maliyyə dayanıqlığının və likvidliyinin təmin edilməsi, investisiya resurslarının idarə olunması, kompensasiya ödənişləri prosesinin rəqəmsallaşdırılması, bankların ləğv proseslərinin hüquqi tənzimlənməsi, eləcə də bank sektorunda risklərin və maliyyə dayanıqlığına potensial təhdidlərin identifikasiyası və onların fəsadlarının aradan qaldırılmasına hazırlıq məsələləri müzakirə olunub.
Fondun nümayəndələri tədbirin gündəliyinə uyğun olaraq müvafiq istiqamətlər üzrə məruzələrlə çıxış edərək əmanətlərin sığortalanması sisteminin hüquqi, maliyyə və institusional aspektlərinə daxil olan Azərbaycan Respublikasının qanunvericilik mexanizmləri və hüquqi tənzimləmə praktikası barədə ətraflı məlumat veriblər.
Aygün Balıyeva çıxışında risklərin idarə edilməsi mexanizmlərinin Fondun əməliyyat fəaliyyətinə inteqrasiyası, investisiya portfelinin idarə olunmasında maliyyə dayanıqlığının və likvidliyin optimallaşdırılması, habelə kompensasiya ödənişləri zamanı rəqəmsal kanalların tətbiqi imkanları mövzularına toxunub.
Azər Əmirovun təqdimatında isə ƏSF-nin bankların ləğvedicisi qismində hüquqi statusu və fəaliyyətinin normativ əsasları, ləğvetmə icraatı, kreditor tələblərinin müəyyənləşdirilməsi və qanunvericiliklə müəyyən edilmiş ödəniş növbəliliyi prinsipinə uyğun olaraq təmin edilməsi mexanizmləri, eləcə də müvafiq proseslərin hüquqi rejiminin xüsusiyyətləri şərh olunub.
Tədbir çərçivəsində müxtəlif dövlətlərin əmanətlərin sığortalanması üzrə ixtisaslaşmış institutlarının nümayəndələri tərəfindən mövcud hüquqi və institusional mexanizmlərin beynəlxalq standartlara uyğunluğunun qiymətləndirilməsi, risklərin idarə olunması sistemlərinin təkmilləşdirilməsi, kompensasiya prosedurlarının səmərəliliyinin artırılması və maliyyə sektorunda texnoloji transformasiyanın yaratdığı yeni requlyativ çağırışlar ətrafında müzakirələr aparılıb.
Yekunda əmanətlərin sığortalanması sahəsində fəaliyyət göstərən qurumlar arasında institusional əməkdaşlığın dərinləşdirilməsi, peşəkar bilik və təcrübə mübadiləsinin davam etdirilməsi, birgə praktiki təlimlərin təşkili, innovativ texnoloji həllərin tətbiqi və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlıq imkanlarının genişləndirilməsi qərara alınıb.
Əmanətlərin Sığortalanması Fondunun bu qəbildən olan beynəlxalq platformalarda təmsil olunması əmanətlərin sığortalanması sahəsində qabaqcıl beynəlxalq təcrübənin milli institusional mühitə inteqrasiyasına, mövcud hüquqi və əməliyyat mexanizmlərinin təkmilləşdirilməsinə, eləcə də Fondun beynəlxalq hüquqi əməkdaşlıq potensialının gücləndirilməsinə xidmət edir.
