Oktyabrın 13-də Fövqəladə Hallar Nazirliyinin Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların təntənəli buraxılış mərasimi keçirilib.
Nazirliyin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasimdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, nazir müavinləri və Nazirliyin məsul vəzifəli şəxsləri, FHN yanında İctimai şuranın üzvləri, FHN Akademiyasının müəllim və professor heyəti, kursantları və onların valideynləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə, mərasim iştirakçıları Fövqəladə Hallar Nazirliyinin Akademiyasının həyətində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Dövlət Himni səsləndirildikdən sonra Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Fövqəladə Hallar Nazirliyinin Akademiyasının bayrağı təntənəli surətdə meydana gətirilib. Daha sonra Fövqəladə Hallar Nazirliyinin Akademiyasına yeni qəbul olmuş kursantlar hərbi and içiblər.
Mərasimdə çıxış edən fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov kursantları, məzunları və onların valideynlərini təbrik edib.
Nazir təhsilin ölkənin uğurlu inkişafının, iqtisadi tərəqqisinin və gələcəyinin əsasını təşkil etdiyini vurğulayaraq, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gənc nəslin təhsilinə və onların layiqli vətəndaş kimi yetişməsinə xüsusi diqqət yetirdiyini bildirib. K.Heydərov Ulu Öndərin mütərəqqi siyasətinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğının əhəmiyyətindən söz açıb, dövlət başçısı tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin yüksək ixtisaslı və peşəkar kadr potensialının formalaşdırılmasına əvəzsiz töhfələr verdiyini qeyd edib.
Nazir Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən təhsil sahəsində reallaşdırılan irimiqyaslı layihələrin əhəmiyyətini vurğulayıb, görülən kompleks tədbirlər sayəsində ölkədə təhsilin dünya standartları səviyyəsinə qalxdığını, bu xoşməramlı missiyanın millətin işıqlı sabahına xidmət etdiyini bildirib.
Kəmaləddin Heydərov dövlət başçısının diqqət və qayğısı sayəsində Akademiyanın qısa müddətdə müasir maddi-texniki bazaya, peşəkar kadr potensialına və geniş beynəlxalq əlaqələrə malik ali təhsil müəssisəsinə çevrildiyini qeyd edib, yüksək ixtisaslı kadr hazırlığı sahəsində görülən işlərdən və aktual məsələlərə dair həyata keçirilən beynəlxalq layihələrdən danışıb. Nazir çıxışının sonunda Akademiyaya yeni qəbul olunmuş kursantlara və təhsilini uğurla başa vuraraq zabit rütbəsi ilə Nazirlik sistemində xidmətə başlayacaq məzunlara ölkə əhalisinin və ərazilərinin təhlükəsizliyinin etibarlı təmin edilməsi, maddi və mədəni sərvətlərin qorunması kimi şərəfli vəzifələrin yerinə yetirilməsində uğurlar arzulayıb.
Sonra çıxış edən valideyn İntiqam Abdullayev məzun və kursantları valideynlər adından təbrik edərək uğurlar arzulayıb, Akademiyada yaradılmış yüksək səviyyəli şəraitə görə təşəkkür edib.
Daha sonra mərasim Fövqəladə Hallar Nazirliyinin müvafiq əmri ilə “leytenant” hərbi və xüsusi rütbələri verilmiş məzunlara diplomların təqdim olunması ilə davam etdirilib. Akademiyanı əla qiymətlərlə bitirmiş məzun leytenant Cavid Talıbov Akademiya məzunlarının buraxılış rəmzi olan xatirə lövhəsini “Yaş kötüyü”nə vuraraq məzun yoldaşları adından and içib. Məzunlar Akademiyanın bayrağı ilə vidalaşaraq onu IV kurs kursantlarına təhvil veriblər. Fövqəladə Hallar Nazirliyinin Akademiyasının bayrağı altında şəxsi heyətin təntənəli keçidi ilə mərasim başa çatıb.
