
© APA | hərbçi Nəsimi Musayev
13 oktyabr 2026 11:21 (UTC +04:00)
Ermənistanla sərhədi keçən Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayev dindirmə zamanı heç kimə zərər vermək niyyətində olmadığını bildirib.
Bu barədə Ermənistanın “Joxovurd” qəzeti dindirmə ilə bağlı əldə etdiyi məlumatlara istinadən yazıb.
Nəşrin məlumatına görə, Nəsimi Musayev dindirmə zamanı evə daxil olarkən heç kimə zərər vermək niyyətinin olmadığını bildirib. O, ev sahibəsindən onu buraxmasını bir neçə dəfə xahiş etdiyini, lakin qadının silahından yapışdığını və buna görə atəş açmağa məcbur qaldığını bildirib.
Azərbaycan hərbçisi yazılı ifadəsində hadisədən sonra qadının və ailə üzvlərinin ona hücum etdiyini, bıçaqla yaraladığını və döydüyünü də bildirib.
Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycan Respublikasının Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun itkin düşməsi barədə məlumatlar yayılıb. Bildirilib ki, 26 sentyabr 2026-cı il tarixində Nəsimi Musayevin xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılıb, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri tərəfindən zəruri axtarış tədbirləri həyata keçirilib. Hadisənin hallarının araşdırılması məqsədilə Hərbi Prokurorluqda müvafiq araşdırma aparılıb və araşdırma nəticəsində Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edilib. Ermənistan məhkəməsinin qərarı ilə Nəsimi Musayev həbs edilib.
