18 oktyabr Azərbaycan Respublikası müstəqilliyinin bərpasının 35 illiyini qeyd edir. Bu yubileyi bu günlərdə keçmişə dərin ehtiram, bu günə qürur və gələcəyə böyük inam hissləri ilə yaşayırıq.
Vətənimizin müasir tarixi sadəcə təqvim vərəqləri sırası deyil, torpağın altından çıxan sərvətlə torpağın üstünə tökülən qanın, suverenliyimizin tam bərpasının sevincinin verdiyimiz itkilərin acısı ilə qovuşduğu mürəkkəb bir salnamədir.
XIX əsrin sonlarında Bakının Balaxanı ərazisində qara qızıl dünya iqtisadiyyatının mərkəzinə çevrilərkən, bu torpaq öz taleyinin yükünü də qara qızıl hesabına öz çiyinlərinə götürmüşdü.
1991-ci ildə yenidən bərpa olunan müstəqillik, həmçinin, xalqımıza təkcə azadlıq gətirmədi; müasir tariximizin ən ağır sınağı – I Qarabağ müharibəsi ilə qapımızı döydü.
Sərvətlərimizə yenidən sahib çıxacağımız parlaq gələcək vəd etdiyi bir dövrdə, Vətənin çağırışına səs verən minlərlə gənc neft buruqları, elm, sənət və yarımçıq qalmış arzularından keçərək cəbhəyə yollandı. I Qarabağ müharibəsində canını fəda edən şəhidlərimiz, müstəqilliyimizin ilk kövrək addımlarını öz qanları ilə suvaran təməl daşları oldular.
Ümummilli Lider Heydər Əliyevin strateji siyasi və iqtisadi xətti ilə gedən bugünkü Azərbaycanın müstəqil dövlətçiliyinin arxasında duran güc – təkcə geoloji sərvətlərimiz deyil, torpaq uğrunda gözünü qırpmadan canından keçən o qəhrəmanların da əbədi xatirəsidir.
“Balakhani Operating Company LTD” daxil olmaqla bu gün Sabunçu və Suraxanı rayonlarında fəaliyyət göstərən hasilat şirkətlərində 160-dan çox I Qarabağ müharibəsinin qazisi çalışır.
Balaxanı neftçisi Orxan Məmmədzadə isə həmin qazilərdən birinin-məzarı olmayan Bayram Məmmədovun yadigarıdır.
Atasını itirəndə bir yaşı belə yox idi Orxanın. Onun isti qucağını və şəxsi xatirələrini yalnız ailəsinin danışdığı məhəbbət dolu hekayələrdən quran neftçi üçün "Balakhani Operating Company LTD" sadəcə iş yeri deyil, illər öncə burada neft buruqlarında çalışmış atasının rəmzi ocağıdır.
1992-ci ildə səfərbərliyə çağırılan Bayram Məmmədov Füzuli rayonunda Vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib, ağır döyüşlər zamanı Qacar kəndində itkin düşüb. İllər sonra Tbilisidə üzə çıxan siyahıda adı ermənilər tərəfindən girov saxlanılan azərbaycanlı əsgərlər arasında tapılıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi reyestrində “itkin düşmüş şəhid” olaraq qeydiyyata alınan Bayram Məmmədovun yekunda ölüm tarixi məhkəmə qərarı ilə 1995-ci ilin noyabrı kimi tanınıb.
Atasının işə olan məsuliyyətini və Vətən sevgisini özünə həyat yolu seçən neftçi Orxan Məmmədov Balaxanıda şəhid valideyninin xatirəsini və arzularını şərəflə yaşadır: “Mənim atam barədə xatirələrim ailəmin danışdıqları, onun şəkilləri və vaxtilə birlikdə çalışdığı neftçilərin xatirələrindən qurulub. Bəlkə buna görə də, işlədiyim kollektiv mənə ailə qədər doğmadır. “Şəhid övladı” olmaq sadəcə bir ad deyil. Bu, insanın həyatında daşıdığı mənəvi məsuliyyətdir. Atamın ən böyük mirası onun adı, şərəfli həyat yolu və Vətən uğrunda göstərdiyi fədakarlıqdır. Mən də, öz həyatımı və fəaliyyətimi bu ada layiq qurmağa çalışıram.”
Məzarsız qəhrəman Bayram Məmmədov bugünkü Azərbaycanı görsəydi nə deyərdi sualına isə oğlu Orxan bunu bildirir: “Yəqin ki, bugünkü qalib, suveren və başıuca Azərbaycanı görsə deyərdi ki, Füzuli, Şuşa, Xocalı, Xankəndi və bütün müstəqil Azərbaycan üzərində dalğalanan üçrəngli bayrağı görüb anlayıram ki, mənim məzarım yox deyilmiş. Mənim məzarım – azad edilmiş hər qarış torpaqdır! Qoyduğumuz o kövrək təməl daşları bu gün böyük bir Zəfər abidəsinə çevrilib. "
