Lerikdə tanışını başından güllələyərək meyitini dərəyə atmaqda və digər cinayət əməllərində təqsirləndirilən Elşən Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, Cəlilabad Hərbi Məhkəməsində hakim Vüqar Əhmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Elşən Ağayev 15 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Lerik rayonunda baş verib.
Elşən Ağayev avtomobildə tanışı Şahin Şərifovun baş nahiyəsinə odlu silahdan atəş açıb, daha sonra onun meyitini dərəyə atıb.
Qətlin qısqanclıq zəminində baş verdiyi bildirilir.
Hərbi qulluqçu olan Elşən Ağayev Vətən müharibəsinin iştirakçısı olub, bir sıra medallarla təltif edilib.
Ona Cinayət Məcəlləsinin 120.1, 177.2.2, 177.2.4, 228.2.2, 232.2.2, 232.2.3 və 245-ci maddələri ilə ittiham irəli sürülüb.
