Bakı Bulvarında oktyabrın 23-dən keçirilən Zeytun Festivalı bu gün başa çatır.
APA xəbər verir ki, Dənizkənarı Milli Parkda təşkil olunan festivalın son günü də maraqlı təqdimatlar və rəngarəng konsert proqramı ilə müşayiət olunur.
Zeytun yığımı mövsümünə təsadüf edən tədbirdə yerli istehsalçıların məhsulları nümayiş etdirilir. Bulvarda qurulan pavilyonlarda ziyarətçilər zeytun və ondan hazırlanan müxtəlif məhsullarla tanış olmaq, istehsalçılarla birbaşa ünsiyyət qurmaq imkanı əldə ediblər.
Festival Azərbaycanın zeytunçuluq ənənələrinin təbliği, yerli istehsalçıların tanıdılması və dəstəklənməsi, eləcə də bu sahədə milli brendlərin inkişafına töhfə vermək məqsədi daşıyır.
Üç gün davam edən festivalın əyləncə proqramı da ziyarətçilərin marağına səbəb olub. Son günün musiqi proqramı DJ Kamonun çıxışı ilə başlayıb, günorta saatlarında “Wave band” qrupunun ifası ilə davam edib. Gün ərzində Teymur Süleymanbəyli və “Excellent band” qrupunun da çıxışı nəzərdə tutulub.
Axşam konsertində Azad Şabanov və Zamiq Hüseynovun səhnəyə çıxması gözlənilir. Festivalın musiqi proqramına isə Xalq artisti Aygün Kazımovanın çıxışı ilə yekun vurulacaq.
Qeyd edək ki, Zeytun Festivalı Dövlət Turizm Agentliyi və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi, “Absheron Olive Gardens” və “Olivea” zeytun məhsulları brendlərinin sponsorluğu ilə təşkil olunub.