
© APA | Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili
23 oktyabr 2026 13:14 (UTC +04:00)
“Orta Dəhlizin inkişafı bu gün xüsusi əhəmiyyət kəsb edir. Bu marşrut Mərkəzi Asiyanı Cənubi Qafqaz və Qara dəniz vasitəsilə Avropa ilə birləşdirir. Gürcüstan bu əlaqənin inkişafında və nəqliyyat imkanlarının genişləndirilməsində mühüm rol oynayır”.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Mərkəzi Asiya ölkələrinin XİN başçıları ilə Batumidə keçirilən görüşdə deyib.
Onun sözlərinə görə, Orta Dəhlizin tam potensialının reallaşdırılması ortaq strateji maraqdır və bunun üçün sıx koordinasiya, yaxşı inkişaf etmiş infrastruktur və güclü siyasi iradə tələb olunur.
“Əməkdaşlığımız yalnız iqtisadiyyat və nəqliyyatla məhdudlaşmır. Siyasi etimadın gücləndirilməsi, regional sülhün və sabitliyin təşviq edilməsi, xalqlarımız arasında əlaqələrin dərinləşdirilməsi də eyni dərəcədə vacibdir. Gürcüstan hökumətinin Mərkəzi Asiya ölkələri ilə münasibətlərin gücləndirilməsi üçün ardıcıl səyləri məhz bu məqsədlərə çatmağa yönəlib”, - deyə XİN rəhbəri əlavə edib.
Maka Boçorişvili qeyd edib ki, Gürcüstan ilə Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyur ki, bu da qarşılıqlı əməkdaşlığı daha da dərinləşdirməyə imkan verir.
