Azərbaycanda rəqabət mühitinin yaxşılaşdırılması, özəl investisiyaların artımının stimullaşdırılması və dayanıqlı iqtisadi artımın təmin edilməsi əsas hədəflərdəndir.
"APA-Economics" xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Bakıda keçirilən III Milli Rəqabət Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, əsas məqsəd bazarların səmərəli fəaliyyətini təmin edən institutların gücləndirilməsi, iqtisadi fəaliyyət üçün bərabər imkanların genişləndirilməsi, investisiya və innovasiyaları təşviq edən rəqabət mühitinin formalaşdırılması və rəqabətin ölkənin dayanıqlı iqtisadi inkişafının əsas amillərindən birinə çevrilməsidir.
E.Bağırov qeyd edib ki, məhz bu strateji yanaşmanın davamı olaraq, Azərbaycan Prezidentinin 11 sentyabr 2026-cı il tarixli sərəncamı ilə rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illər üzrə Milli Fəaliyyət Planı təsdiqlənib.
Bildirilib ki, planın əsas məqsədi rəqabət mühitini yaxşılaşdırmaqla özəl investisiyaların artımını stimullaşdırmaq, dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi artıma nail olmaqdır.
Bu məqsədlə bazar iştirakçılarının fəaliyyət imkanlarının genişləndirilməsi, dövlət müəssisələrinin fəaliyyətində rəqabətə neytrallığın gücləndirilməsi, bazar prinsiplərinin tətbiqi potensialı olan sahələrdə mərhələli keçid imkanlarının qiymətləndirilməsi nəzərdə tutulur.
Eyni zamanda, ölkə və regionlar üzrə rəqabət səviyyəsinin ölçülməsi, elmi və məlumat əsaslı təhlilin inkişafı, rəqabət mədəniyyətinin yüksəldilməsi və dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi planlaşdırılır.
