Azərbaycanda vergi risklərinin əvvəlcədən müəyyənləşdirilməsi və mümkün pozuntuların qarşısının alınması məqsədilə süni intellekt əsaslı həllərin tətbiqi üzərində iş aparılır.
“APA-Economics” xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin Vergi Risklərinin İdarə Edilməsi Baş İdarəsinin rəisi vəzifəsini icra edən Samir Xalıqov Bakıda keçirilən “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” adlı konfransda bildirib.
Onun sözlərinə görə, vergi risklərinin idarə edilməsində pozuntular baş verdikdən sonra tədbir görülməsindən onların əvvəlcədən müəyyənləşdirilməsinə əsaslanan preventiv yanaşmaya keçid nəzərdə tutulur.
“Əsas hədəfimiz pozuntuların baş verdikdən sonra aşkarlanması deyil, mümkün risklərin əvvəlcədən müəyyən edilməsi və onların aradan qaldırılması üçün qabaqlayıcı tədbirlərin görülməsidir”, – deyə S. Xalıqov bildirib.
O qeyd edib ki, bu məqsədlə süni intellekt və qabaqcıl analitik alətlərin tətbiqi istiqamətində işlər aparılır. Xüsusilə məlumatların avtomatik təhlilini təmin edən süni intellekt əsaslı analitik alətlərin və risk qiymətləndirmə modellərində süni intellekt texnologiyalarının istifadəsi nəzərdə tutulur.
Bu yanaşma vergi ödəyicilərinin və vergi bəyannamələrinin risk səviyyəsinin daha dəqiq qiymətləndirilməsinə, nəzarət tədbirlərinin real risk ehtimalı yüksək olan hallara yönəldilməsinə imkan verəcək.
S. Xalıqov bildirib ki, vergi ödəyicilərinin mümkün risklər barədə əvvəlcədən məlumatlandırılması üçün avtomatik bildiriş mexanizmlərindən də istifadə olunur.
Bundan başqa, elektron sahə nəzarəti sistemi artıq istifadəyə verilib və regionların birində pilot rejimdə tətbiq edilir. Sistem vasitəsilə aşkar edilən pozuntular barədə vergi ödəyicilərinə elektron bildirişlər göndərilir və onların aradan qaldırılması üçün müəyyən müddət tanınır.
Bu isə sahibkarlara cərimə tədbirləri tətbiq edilmədən əvvəl pozuntuları könüllü şəkildə aradan qaldırmaq imkanı yaradır.
