Bu gün ölkəmizdə rəsmi səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Manetin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisə gəlib, spiker Sahibə Qafarova ilə görüşüb.
Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu səfər Kamboca və Azərbaycan arasındakı yüksək səviyyəli münasibətlərin bariz göstəricisidir. O, qeyd edib ki, bu səfər zamanı qonağın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfransın (AQEM) Zirvə Görüşündə iştirakı Kambocanın dialoqa, bütün regionda sülh və təhlükəsizliyin təşviqinə sadiq olduğunu nümayiş etdirir.
Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu bildirən Kamboca Krallığının Baş naziri Hun Manet iki gün əvvəl Prezident İlham Əliyevlə görüşü barədə təəssüratlarını bölüşüb. O, bu görüş zamanı iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlərdə inkişafı üçün məhsuldar fikir mübadiləsi aparıldığını diqqətə çatdırıb.
Baş nazir ölkəmizə bu səfəri çərçivəsində keçirdiyi digər görüşləri barədə də məlumat verib, iqtisadiyyat, təhsil, müdafiə sənayesi, ticarət, turizm, xalqlar arasında təmasların artırılması məsələləri barədə faydalı müzakirələr aparıldığını qeyd edib.
Qonaq humanitar sahədə əlaqələrin də əhəmiyyətini vurğulayaraq, sovet dövründə Azərbaycanın ali təhsil ocaqlarından yüzlərlə kambocalı gəncin məzun olduğunu və bu təcrübənin indi də davam etdirildiyini məmnunluqla qeyd edib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
