Milli dəyərlərin qorunması və dünyəvilik təhsil siyasətinin əsas prinsipləridir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.
Deputat Nazirlər Kabinetinin müəllim və şagirdlərin geyimi ilə bağlı qərarlarının milli dəyərlərin qorunması, dünyəvilik prinsipinin möhkəmləndirilməsi və təhsil mühitində vahid yanaşmanın təmin olunması baxımından əhəmiyyətli olduğunu vurğulayıb: “Azərbaycan xalqının milli-mənəvi dəyərləri, azərbaycanlı ailə modeli, milli təəssübkeşlik və vətənpərvərlik cəmiyyətimizin ideoloji əsaslarını təşkil edir. Bu dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi dövlətin və cəmiyyətin qarşısında duran mühüm vəzifələrdəndir”.

Təhsil mühiti milli və ümumbəşəri dəyərlərə əsaslanmalıdır
Azər Badamov qeyd edib ki, Azərbaycan dünyəvi dövlətdir və təhsil sistemi də bu prinsipə uyğun fəaliyyət göstərməlidir: “Məktəb yalnız bilik və bacarıqların öyrədildiyi məkan deyil, eyni zamanda uşaqların şəxsiyyət kimi formalaşdığı, vətəndaşlıq mövqeyinin, milli kimliyinin və dünyagörüşünün inkişaf etdiyi mühüm ictimai institutdur. Cəmiyyətin, ailə institutunun və təhsil prosesinin yad təsirlərdən, dini eksperimentlərdən qorunması ideoloji təhlükəsizliyin əsas istiqamətlərindən biridir. Uşaqların təhsil aldığı mühitdə dini və digər ideoloji təsirlərin ön plana çıxarılması onların təhsil prosesinə, dünyagörüşünün sağlam formalaşmasına və cəmiyyətdə vahid dəyərlər ətrafında birləşməsinə mənfi təsir göstərə bilər”.
Deputat deyib ki, müəllim və şagirdlərin geyimi ilə bağlı tələblərin müəyyənləşdirilməsi məktəblərdə intizamın, bərabərliyin və vahid təhsil mühitinin qorunmasına xidmət edir: “Bu qaydalar ayrı-seçkiliyin qarşısının alınması, şagirdlərin geyim üzərindən fərqləndirilməməsi və tədris prosesinin əsas məqsədindən yayınmaması baxımından da əhəmiyyətlidir”.
Məktəb dini eksperiment yeri deyil
Deputat bildirib ki, məktəblərdə əsas diqqət təhsilin keyfiyyətinə, uşaqların elmi biliklərə yiyələnməsinə, milli ruhda və vətənpərvərlik prinsipləri əsasında yetişməsinə yönəlməlidir: “Məktəb mühitinin müxtəlif dini və ideoloji təsirlərin sınaq meydanına çevrilməsinə yol vermək olmaz. Milli dəyərlərə bağlılıqla dünyəvilik bir-birinə zidd anlayışlar deyil. Əksinə, milli kimliyini qoruyan, qanunlara hörmət edən və müasir biliklərə yiyələnən gəncliyin yetişdirilməsi Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. Geyim qaydalarının tətbiqində qanunvericiliyin tələblərinə əməl olunmalı, valideynlər və məktəb rəhbərliyi bu prosesdə məsuliyyətli mövqe nümayiş etdirməlidirlər. Qaydaların mahiyyəti düzgün izah edilməli, cəmiyyətdə süni qarşıdurma yaradılmasına imkan verilməməlidir. Əsas məqsəd uşaqların hüquqlarını və sağlam inkişafını qorumaq, məktəblərdə dünyəvi təhsil prinsiplərini möhkəmləndirmək, eyni zamanda milli-mənəvi dəyərlərə hörmət ruhunda yetişən vətənpərvər nəsil formalaşdırmaqdır”.
