ABŞ Dövlət Departamenti Yaxın Şərqdə yerləşən bir sıra diplomatik nümayəndəliklərinin əməkdaşlarını və onların ailə üzvlərini bölgədən çıxarmağa hazırlaşır.
“Reuters” agentliyinin ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumatına görə, buna səbəb Yəməndəki husilərə qarşı mümkün hərbi əməliyyatlarla əlaqədar təhlükəsizlik risklərinin artmasıdır.
Bildirilib ki, Dövlət Departamenti Fars körfəzi ölkələrində fəaliyyət göstərən bəzi ABŞ səfirliklərinin əməkdaşlarının və ailə üzvlərinin bölgəni tərk etməsi barədə göstəriş verməyə hazırlaşır.
Agentliyin məlumatına görə, qərar xüsusilə İranın dəstəklədiyi “Ənsar Allah” hərəkatına qarşı hərbi əməliyyatların yenidən başlanması ehtimalı ilə əlaqədardır.
Qeyd edək ki, oktyabrın 10-da ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının husilərə qarşı zərbələrinə Vaşinqtonun qoşulub-qoşulmayacağı barədə yaxın vaxtlarda qərar qəbul edəcəyini bildirmişdi.
Hansı ölkələrdəki səfirliklərin əməkdaşlarının təxliyə olunacağı və prosesin nə vaxt başlayacağı barədə məlumat verilməyib.
